BAKI, 12 mart. TELEQRAF

Azərbaycan milli komandasının sabiq futbolçusu Təmkin Xəlilzadə minifutbol üzrə Azərbaycan çempionatının finalında gözəl qola imza atıb.

Teleqraf xəbər verir ki, 32 yaşlı oyunçu "Birbaşa Bakı" klubunun heyətində peşəkar futbolda keçmiş komandası "Zirə"yə qarşı görüşün 47-ci dəqiqəsində uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib. Qarşılaşma Xəlilzadənin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Birbaşa Bakı" ardıcıl ikinci dəfə ölkə çempionu olub.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Çuda, Avropa Minifutbol Federasiyasının prezidenti Peter Klarik, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim ediblər.

Qeyd edək ki, Təmkin Xəlilzadə Azərbaycan milli komandasının heyətində 25 oyunda 3 qolla yadda qalıb.