BAKI, 12 mart. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi futbolçusu George Haci vətəni Rumıniyada mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, fevralın 5-də 60 yaşını qeyd edən veteran futbolçu ölkəsinin ali mükafatı sayılan "Rumıniya Ulduzu" milli cəngavər ordeni ilə təltif olunub.

Haciyə mükafatı Kotroçen Sarayında Rumıniyanın müvəqqəti prezidenti İliye Bolojan təqdim edib.

Haci 35 qolla Adrian Mutu ilə birlikdə Rumıniya milli komandasının bombardiridir.

Qeyd edək ki, George Haci futbolçu karyerası ərzində ölkəsində "Farul", "Sportul Studentsesk", "Styaua", İspaniyada "Real Madrid" və "Barselona", İtaliyada "Breşiya" və Türkiyədə "Qalatasaray"ın şərəfini qoruyub. O, futbolçu kimi 3 dəfə Rumıniya çempionluğu, 3 dəfə Rumıniya Kuboku, 2 dəfə İspaniya Super Kuboku, 2 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Kuboku, 2 dəfə UEFA Super Kuboku və 1 dəfə UEFA Kubokunu qazanıb. Baş məşqçi qismində isə Haci 2 dəfə Rumıniya çempionluğu, 2 dəfə Rumıniya Super Kuboku, 1 dəfə Rumıniya Kuboku və 1 dəfə Türkiyə Kubokunu qazanıb. Əfsanəvi futbolçu hazırda ölkəsinin "Farul" klubunun sükanı arxasındadır.