
BAKI, 12 mart. TELEQRAF
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli son beş oyunun dördündə meydana çıxmayıb.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu şans qazanmadığı bu oyunların üçündə ümumiyyətlə sifariş ərizəsinə salınmayıb.
Buna baxmayaraq, Emreli növbəti oyunlarda forma geyinə bilər. Təcrübəli forvard Ramazan ayı ilə əlaqədar martın 9-da komandasının səfərdə "Proyssen Münster"i 1:0 hesabı ilə yendiyi oyuna da sifariş edilməyib. Ona martın 16-da evdə "Qroyter Fürt"ə qarşı keçirəcəkləri matçdan öncə istirahət verildiyi bildirilir.
Baş məşqçi Miroslav Kloze "Bild"ə açıqlamasında Emrelinin 274-cü Frankoniya derbisinə hazır olduğunu deyib: “Hər zaman 100 faizlik nəticə üçün çalışıram və "Proyssen Münster"ə qarşı da belə oldu. Mahirlə danışdım və birlikdə qərar verdik. O, artıq derbiyə tam hazırlaşıb”.
Emreli "Fürt"lə birinci dövrədəki oyunda mövsümdəki ilk qolunu vurub. O, 4 cavabsız topdan birincisinin müəllifi olub və fərqləndikdən sonra Klozeni qucaqlaması ilə diqqət çəkib.
Almaniyalı mütəxəssis bu xatirələrlə bərabər azərbaycanlı hücumçunun "Fürt"ə qarşı oyunda komanda ilə olmasını istəyir: “Mahirin həftəlik məşq performansını gözləməliyik. Amma optimistliyə köklənmişəm”.
Qeyd edək ki, Mahir Emrelinin qış transfer dövründə "Nürnberq"dən ayrılacağı gözlənilirdi. Lakin sonradan hücumçu fikrini dəyişərək, komandada qalmağa qərar verib. Azərbaycanlı hücumçu II Bundesliqa klubu ilə meydana çıxdığı 16 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.