
BAKI, 12 mart. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, qurum sürücü və piyadalara müraciət edərək dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azaldığını bildirib.
Həmçinin məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olmağı, məhdudlaşdırıcı xətti keçməməyi tövsiyə edib.
Sürücülərə isə dəmiryol keçidlərinə yaxınlaşarkən qatarın gəlmədiyinə və yolun tam aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirmək tövsiyə olunub.