BAKI, 11 mart. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubu "Old Trafford"un əvəzinə yeni stadion inşa edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

Mançester təmsilçisinin yeni stadionu 100 min tamaşaçı tutumuna malik olacaq. İdman qurğusunun tikintisi 92 000 yeni iş yerinin yaranması və 17 000-dən çox yeni evin inşası ilə ölkəyə illik əlavə 1,8 milyon turist cəlb edəcək. Bu, Böyük Britaniya iqtisadiyyatına ildə 7,3 milyard funt-sterlinq qazandıra bilər.

Kompleksin dizaynı "Foster + Partners" memarlıq bürosu tərəfindən hazırlanıb. Artıq gələcək stadionun və ətraf ərazilərin maketinin görüntüləri təqdim edilib.

Qeyd edək ki, "Mançester Yunayted" 1910-cu ildən ev oyunlarını "Old Trafford"da keçirir. Ruben Amorimin rəhbərlik etdiyi kollektiv hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 34 xalla 14-cü pillədə qərarlaşıb.