BAKI, 12 mart. TELEQRAF

Nizami Kino Mərkəzində Xocalı soyqırımının faciəvi izlərini əks etdirən "Xocalı. Son toy" bədii-sənədli filminin təqdimat mərasimi keçirlib.

Teleqraf xəbər verir ki, ekran əsəri “Global Media Group” və “Report” İnformasiya Agentliyinin birgə dəstəyi ilə ərsəyə gəlib.

Film Xocalı faciəsindən əvvəl keçirilən və erməni hərbi birləşmələrinin hücumu nəticəsində yarımçıq qalan sonuncu toyun real hekayəsindən bəhs edir.

Təqdimatdan öncə filmin baş qəhrəmanı, aktyor Tuncay Turbandazadə bu ekran işinin tarixi yaddaş baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Ümid edirəm ki, yaxşı bir film ərsəyə gəlib. Xocalı unudulmamalıdır və biz daim Xocalının səsi olmalıyıq", - deyə aktyor bildirib.

"Filmin ideyası Xocalıda 1992-ci il yanvarın 18-də baş tutan sonuncu toy mərasimində çəkilmiş və illərdir yaddaşlara hopan bir foto ətrafında formalaşıb" - "Report" İnformasiya Agentliyinin baş direktoru və filmin prodüseri Fuad Hüseynəliyev deyib:

"Həmin fotodan yola çıxaraq bu əhvalatı ekrana gətirdik. Filmin çəkilişlərinə 2024-cü ildən başlanılıb. Düşünürəm ki, maraqlı bir film alınıb və tamaşaçıların diqqətini çəkəcək".

Sonra ekran əsəri nümayiş olunub.

Film ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan toyun - bəyi Vasif Qafarov, gəlini Dürdanə Məmmədova və digər iştirakçıların 32 il sonra ata-baba yurdlarına qayıdaraq o toyun davamını etmələri ilə tamamlanır. Bu həm tarixi ədalətin, həm də xalq yaddaşının təntənəsi kimi təqdim olunur.

Ekran əsərinin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsu rayonunda lentə alınıb.

Layihənin rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.