BAKI, 19 dekabr. TELEQRAF

“Facebook” istifadəçilərin link paylaşımı üçün ödəniş tətbiqini sınaqdan keçirir ki, bu da media qurumları üçün növbəti zərbə ola bilər.

Teleqraf xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, “Facebook”un sahibi olan “Meta” məhdud test çərçivəsində ödənişsiz istifadəçilərin ayda cəmi iki xarici link paylaşmasına icazə verən yeni sistemi sınaqdan keçirir.

Məlumata əsasən, “Meta Verified” abunəliyi olmayan istifadəçilər (aylıq minimum 9,99 funt sterlinq) üçün link paylaşımına limit qoyulub. Test əsasən “Professional Mode”da olan bəzi istifadəçi profilləri və səhifələrini əhatə edir.

Media qurumları testə birbaşa daxil edilməsə də, xəbər redaksiyaları bu addımın istifadəçilərin xəbər linklərini paylaşmasının qarşısını ala biləcəyindən narahatdır. Qeyd edilir ki, “Meta”nın 2023-cü ildə xəbərləri prioritetdən çıxarması onlayn mediaya trafikdə ciddi azalmaya səbəb olub.

Analitiklər bildirirlər ki, yeni sınaq “Meta”nın istifadəçiləri ödənişli “Meta Verified” xidmətinə cəlb etmək strategiyasının tərkib hissəsidir. Bu xidmət müxtəlif səviyyələr üzrə aylıq 9,99 funtdan 400 funta qədər dəyişir və əlavə funksiyalar, təhlükəsizlik imkanları təqdim edir.

“Meta”nın sözçüsü bildirib ki, testin məqsədi linkli paylaşımların artırılmasının “Meta Verified” abunəçiləri üçün əlavə dəyər yaradıb-yaratmadığını müəyyənləşdirməkdir.

Media ekspertləri isə bu addımı “Facebook”un xəbərlərdən uzaqlaşma siyasətinin davamı kimi qiymətləndirir və bunun media platformaları üçün riskləri artırdığını vurğulayırlar.