BAKI, 19 dekabr. TELEQRAF

Avstraliyanın Baş naziri Entoni Albanizi ölkədə baş verən terror aktından sonra milli kəşfiyyat və təhlükəsizlik qurumlarının fəaliyyətinin hərtərəfli şəkildə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABC teleradio korporasiyası məlumat yayıb.

Albanizinin sözlərinə görə, Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) də daxil olmaqla xüsusi xidmət orqanları 2019-cu ildən bu günədək olan dövrdə nəyisə gözdən qaçırıblar. Baş nazir vurğulayıb ki, kəşfiyyat qurumlarının işi daha dərindən araşdırılmalıdır.

“Sidneydə terror aktını törədən şəxs Navid Akramla bağlı 2019-cu ildə aparılmış araşdırmanın nəticələrini yenidən təhlil etməliyik. Ona verilmiş xarakteristikanın düzgünlüyü, həmçinin federal və regional qurumlar arasında qarşılıqlı fəaliyyət diqqətlə öyrənilməlidir”, - deyə Albanizi bildirib.

Baş nazir əlavə edib ki, zəruri hallarda kəşfiyyat, hüquq-mühafizə və polis orqanları arasında əməkdaşlıq mexanizmlərinə düzəlişlər ediləcək. O, eyni zamanda qeyd edib ki, hazırkı hökumət dövründə ASIO və Avstraliya Federal Polisinin maliyyələşdirilməsi rekord səviyyəyə çatdırılıb.

Məlumata görə, qarşıdakı yoxlama çərçivəsində təhlükəsizlik orqanları tərəfindən vətəndaşlar barədə toplanmış məlumatların odlu silaha sahiblik üçün lisenziya müraciətlərinin qiymətləndirilməsində necə istifadə oluna biləcəyi də araşdırılacaq.