ABŞ Prezidenti Donald Tramp ölkədə marixuanadan istifadəyə dair federal səviyyədə mövcud olan məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan icra sərəncamı imzalayıb.

Teleqraf xəbər verir ki, Prezident sənədi imzalamazdan əvvəl Ağ evin Oval kabinetində çıxış edib.

O bildirib ki, marixuana birinci kateqoriyadan üçüncü kateqoriyaya keçirilir. Onun sözlərinə görə, üçüncü kateqoriya tibbi məqsədlər üçün istifadəsi əsaslandırılan maddələri əhatə edir.

“Bu qərarın qəbul edilməsini onilliklər ərzində sağalmaz xəstəliklərdən əziyyət çəkən və şiddətli ağrıları olan pasiyentlər xahiş edirdi”, – Tramp qeyd edib.

ABŞ Prezidenti vurğulayıb ki, bu addım marixuananın leqallaşdırılması anlamına gəlmir. Üçüncü kateqoriyaya daxil olan maddələr birinci və ikinci kateqoriyaya aid maddələrlə müqayisədə daha az fiziki və psixoloji asılılıq yaradır.

Qeyd edək ki, ABŞ-də federal qanunvericiliyə əsasən marixuananın satışı, saxlanması və istifadəsi qadağandır. Bununla yanaşı, bir sıra ştatlarda və Kolumbiya dairəsində marixuananın istirahət məqsədilə istifadəsinə icazə verilib. Daha 30-dan çox ştatda isə tibbi məqsədlərlə marixuananın satışı cinayət hesab olunmur.