BAKI, 17 dekabr. TELEQRAF

“Sumqayıt” Futbol Klubunun qış hazırlıq planları bəlli olub.

Teleqraf xəbər verir ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komandamız yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.