BAKI, 17 dekabr. TELEQRAF

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovskinin növbəti klubu “Çikaqo Fayr” ola bilər.

Teleqraf “BBC Sport”a istinadən xəbər verir ki, ABŞ təmsilçisi 37 yaşlı forvardla müsbət danışıqlar aparıb və onu potensial transfer siyahısına daxil edib.

Bu isə MLS-də çıxış edən digər klubların Levandovski ilə danışıqlar aparmaq üçün “Çikaqo Fayr”a kompensasiya ödəməli olacağı anlamına gəlir. Futbolçunun özü də “Çikaqo Fayr”a keçidə qarşı deyil və onun maaş tələbləri klub üçün problem yaratmayacaq.

Daha əvvəl Levandovskinin xidmətində “İnter Mayami”nin də maraqlı olduğu və klubun futbolçu üçün artıq yaşayış yeri axtardığı bildirilmişdi.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.