Avstraliya polisi Sidneyin cənub-qərb ətraflarında terror aktı planlaşdırmaqda şübhəli bilinən yeddi kişini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels ştat polisindəki mənbəyə istinadla məlumat yayıb.
İstintaqın ilkin versiyasına görə, 18 dekabrda saxlanılan və Viktoriya ştatından Sidneya gələn şəxslər ekstremist islam ideologiyasını qəbul edir və zorakı aksiya planlaşdırırdılar.
Ştat polisinin komissar müavini Devid Hadson bildirib ki, axtarış zamanı saxlanılanların üzərindən yalnız bıçaq tapılıb, odlu silah aşkar edilməyib. Onun sözlərinə görə, şübhəlilərin Bondi çimərliyinə getməyi planlaşdırdıqlarına dair məlumatlar mövcud olub.
Hadson vurğulayıb ki, Sidneydə baş vermiş son terror aktından sonra polis risk etməmək qərarına gəlib və mümkün təhlükənin qarşısını almaq üçün saxlamalar həyata keçirilib.