BAKI, 19 dekabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarını Cənubi Amerikada müharibəyə qarşı çıxmağa çağırıb.
Teleqraf xəbər verir ki, Maduro bu çağırışı dövlət televiziyasının efirində səsləndirib. O bildirib ki, ABŞ Venesuelada rejim dəyişikliyi həyata keçirməyə və ölkəni kolonial idarəetməyə qaytarmağa çalışır.
“ABŞ xalqı güclü səsini qaldırmalı və deməlidir: Cənubi Amerikada müharibəyə yox, Venesuelada rejim dəyişikliyinə yox, neft uğrunda qan tökülməsinə yox”, – deyə Maduro vurğulayıb.
Venesuela liderinin sözlərinə görə, Vaşinqtonun planları ölkədə mövcud demokratik respublika quruluşunu ləğv edərək kolonial rejimlə əvəzləməyə yönəlib. Maduro qeyd edib ki, bu cəhdlər nəticəsiz qalacaq, çünki kolonializm dövrü artıq geridə qalıb.
O, dövlətlərin və xalqların suverenliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb və bildirib ki, Venesuelada xalq hakimiyyətdə olduğu müddətdə ölkənin dinc və ədalətli gələcəyinə zəmanət var.
Qeyd edək ki, dekabrın 16-da ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında ABŞ Silahlı Qüvvələrinin Venesuela ətrafında hərbi mövcudluğunu artıracağını açıqlamışdı. Tramp iddia etmişdi ki, bu addımlar Venesuelanın ABŞ-dən oğurlandığını iddia etdiyi neft, torpaq və digər aktivləri geri qaytarmasına qədər davam edəcək.