BAKI, 19 dekabr. TELEQRAF
Rusiya NATO-nun antirusiya kursundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Moskva qarşılıqlı hörmətə, maraqların nəzərə alınmasına və bərabər, bölünməz təhlükəsizlik prinsipinə əsaslanan dialoqa hazırdır.
“Əgər NATO antirusiya mövqeyindən imtina etməyə və qarşılıqlı maraqların nəzərə alındığı, bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan dialoqa getməyə hazır olsa, biz danışığa açığıq”, – Maslennikov vurğulayıb.
ABŞ ilə münasibətlərə toxunan diplomat bildirib ki, Vaşinqtonla əlaqələrdə müəyyən irəliləyişlər müşahidə olunur, lakin Avropa ölkələri barədə bunu demək mümkün deyil.