BAKI, 19 dekabr. TELEQRAF

Bakıda 52 yaşlı şəxs narkotik vasitə almaq məqsədilə mənzillərdən oğurluq edib. Bu cinayət əməli onun altıncı dəfə həbs olunmasına səbəb olub.

Teleqraf xəbər verir ki, Arif Məmmədov Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən samovar, tikinti materialları və tikinti avadanlıqları oğurlayıb. Oğurladığı əşyaları Sabunçuda yerləşən “Bit” bazarında sataraq əldə etdiyi pulla özünə narkotik vasitə alıb.

Arif Məmmədov saxlanılarkən üzərindən psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Təqsirləndirilən şəxs ifadəsində maddi vəziyyətinin ağır olması səbəbindən oğurluq etdiyini, oğurluq yolu ilə əldə etdiyi vəsait hesabına narkotik vasitə aldığını bildirib.

Məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunub. O, ilk cinayət əməlini 1991-ci ildə törədib. 2025-ci ilin əvvəlinədək altı dəfə məhkumluq həyatı yaşayan A.Məmmədov narkotik və oğurluq ittihamları ilə ümumilikdə 21 il azadlıqdan məhrumetmə cəzası çəkib. Bu ilin əvvəlində azadlığa çıxan A.Məmmədov bir neçə ay sonra yenidən həbs edilib.

Sonuncu cinayət əməlinə görə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.