Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, Okan Burukun baş məşqçi olduğu kollektiv Niderlandda "AZ Alkmaar"ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı 12-ci dəqiqədə AZ-nin futbolçusu Sven Meynans açıb. 20-ci dəqiqədə Roland Şallai bərabərlik qolunu vurub.

37-ci dəqiqədə Troy Parrott penaltini dəqiq yerinə yetirərək, Niderland komandasını yenidən önə çıxarıb.

51-ci dəqiqədə "Qalatasaray" daha bir zərbə alıb. Kaan Ayhan qırmızı vərəqə ilə meydanı tərk edib. 57-ci dəqiqədə Yordi Klasi, 66-cı dəqiqədə isə David Möller Volfe fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.

UEFA Avropa Liqasında gecənin nəticələri:

Pley-off mərhələsi, ilk oyunlar

13 fevral

21:45. “Ferentsvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya) - 1:0

21:45. “Yunion” (Belçika) - “Ayaks” (Niderland) - 0:2

21:45. “Midtüllann” (Danimarka) - “Real Sosyedad” (İspaniya) - 1:2

21:45. “Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika) - 3:0

00:00. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) - 1:1

00:00. "Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç) - 2:1

00:00. AZ (Niderland) - "Qalatasaray" (Türkiyə) - 4:1

00:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya) - 1:2

Qeyd edək ki, bütün cavab görüşləri fevralın 20-də keçiriləcək.

***

BAKI. 13 fevral. TELEQRAF

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu Belçika "Anderlext"ini qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 11-ci dəqiqədə Duşan Tadiç açıb. 42-ci dəqiqədə Edin Ceko komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni isə 57-ci dəqiqədə Yussef En-Nesiri gözəl qolla qoyub.

İki komanda arasında cavab görüşü fevralın 20-də keçiriləcək.