BAKI. 14 fevral. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda yeni insidentin səbəbkarı olub.

Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, hadisə komandanın fevralın 9-da keçirdiyi məşq zamanı baş verib.

"Maqdeburq" üzərində 4:3 hesablı qələbə qazanıldığı oyunda iştirak etməyən futbolçular həmin gün hazırlıq prosesi keçiblər. Məşqə qatılan Emreli komanda yoldaşlarından birinə qarşı kobud oynayıb. Bundan sonra aparıcı futbolçular onu vaxtından əvvəl paltardəyişmə otağına göndərməyi məşqçilər heyətindən xahiş ediblər.

O da bildirilir ki, "Maqdeburq"a qarşı oyuna buraxılmaması 28 yaşlı hücumçuda məyusluq yaradıb. Bu görüş ərəfəsində Emrelinin agenti komandanın qaldığı otelə gələrək, növbəti addımları onunla müzakirə edib.

İki həftə əvvəl azərbaycanlı forvard daha bir komanda yoldaşı Florian Fliklə məşqdə mübahisə edib.

Qeyd edək ki, Mahir Emreli hazırda "Nürnberq"in düşərgəsində olsa da, hazırkı durum onun klubdan ayrılacağını açıq-aydın göstərir. Cənubi Koreyadan təklif alan futbolçunun transferi ilə bağlı maliyyə məsələləri tam həllini tapmayıb. Bununla belə, komanda yoldaşları hücumçunun kollektivi tərk edəcəyindən məlumatlıdırlar. Cənubi Koreyada transfer pəncərəsi martın 27-də bağlanacaq.