BAKI, 6 mart. TELEQRAF
"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms NBA-də tarixi rekorda imza atıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, 41 yaşlı oyunçu "Denver Naqqets"ə məğlub olduqları oyunda (113:120) əfsanəvi basketbolçu Kərim Abdul-Cabbarın 35 ildən artıqdır qırılmayan rekordunu təzələyib.
Ceyms karyerası ərzində oyundan dəqiq atışların sayını 15 838-ə çatdıraraq liqanın yeni rekordçusu olub. Abdul-Cabbar karyerasını 15 837 dəqiq atışla tamamlamışdı. Üçüncü pillədə isə 13 528 atışla Karl Meloun qərarlaşıb.
Qeyd edək ki, Lebron Ceyms NBA-nin müntəzəm çempionatlarının ən çox oyun keçirən basketbolçu statusunu qazanmağa da yaxındır. Hazırda 1 606 matçda iştirak edən "23 nömrə" Robert Perişin rekordunu (1 611 oyun) qırmaq üçün martın 16-da "Hyuston Rokets"ə qarşı keçiriləcək görüş də daxil növbəti oyunlarda meydana çıxmalıdır.