BAKI, 9 noyabr. TELEQRAF

TOVUZ, 9 noyabr. TELEQRAF

“Bu turnirdə iştirak mənim üçün də böyük təcrübədir. Çempionlar Liqasında ilk dəfə iştirak edirəm. Xorvatiya ilə oyunda bir qədər həyəcanım var idi. Bu da mənim üçün böyük təcrübə və gələcək yarışlar üçün bir məşqdir”.

Teleqraf xəbər verir ki, bunu “Turan” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov sabah CEV Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyununda Tovuzda Bolqarıstanın “Maritsa Plovdiv” klubu ilə qarşılaşmadan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis cavab görüşünə hazırlıqdan və komandanın hazırkı durumundan danışıb:

“Sabah heç bir rahatlıq olmayacaq. Bir dəfə bunu yaşadıq. Təcrübə baxımından çox yaxşıyıq. Öz meydanımızda maksimum gücümüzü qoymalıyıq. Komandanın durumu çox yaxşıdır. Bir zədəlimiz var, bir aya düzələcək. Hazırkı vəziyyətimiz çox yaxşıdır. Alternativ variantlarımız var. Hər şey baş verə bilər. Əlimizdən gələni etməyə çalışacağıq. Hər bir halda oyunçularımız hazırdırlar.

Qrupdakı rəqiblər bəllidir. Onların arasında İtaliya təmsilçisi də var. Çox ciddi rəqiblərimiz olacaq. Qrup mərhələsinə vəsiqə qazanmaq irəli daha bir addımdır. Orada da heç bir rəqib zəif olmur. Rəqiblərimizin təcrübəsi barədə müəyyən təsəvvürümüz var. Biz də buna uyğun hazırlaşırıq”.

Mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevlə tez-tez fikir mübadiləsi apardığını əlavə edib:

“Faiq müəllimin sayəsində voleybolumuz təkcə dünyada tanınır. Başqa ölkələrə gedəndə ilk növbədə Faiq müəllimin adı yada düşür. Bu, mənim üçün də böyük təcrübədir. Onun təcrübəsindən çox yararlanırıq və gələcəkdə də faydalanacağıq. Tez-tez danışır, fikir mübadiləsi aparırıq. Təcrübəni öyrənmək, mənimsəmək və başqalarına ötürmək çox vacibdir. Ondan çox şey öyrənmişəm və öyrənməyə davam edirəm”.