BAKI, 10 noyabr. TELEQRAF
TOVUZ, 10 noyabr. TELEQRAF
Qadın voleybolçulardan ibarət “Turan” klubu tarixində ilk dəfə CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
Teleqraf xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında bu gün Bolqarıstanın “Maritsa Plovdiv” komandasını qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş Ziya Rəcəbovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:22, 25:17, 25:23).
Komandalar arasında keçirilən ilk oyunda da “Turan” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etdiyindən qrup mərhələsinə vəsiqə qazanıb. 2025-ci ilin sentyabrında yaranan klub tarixində bu ilkdir.
Beləliklə, Azərbaycan təmsilçisi qrup mərhələsində İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Əczaçıbaşı” və Serbiyanın “TENT” klubları ilə D qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan klubları qadın voleybolu üzrə Çempionlar Liqasının əsas mərhələsində sonuncu dəfə 2016/17 mövsümündə iştirak ediblər. Həmin vaxt ölkəmizi iki Bakı klubu – “Azərreyl” və əvvəllər “Rabitə” adı ilə tanınan “Telekom” təmsil edib. Hər iki komanda təsnifat mərhələsində iştirak etmədən birbaşa qrup mərhələsində mübarizə aparıb.