BAKI, 12 noyabr. TELEQRAF

Rusiyanın keçmiş rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovun adı 300-dən çox cinayət işini birləşdirən istintaq materiallarında keçir.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi sabiq nazirin cinayət işinin materiallarına istinadən məlumat yayıb.

Bildirilib ki, Nikiforov xüsusilə külli miqdarda dələduzluqda, cinayətkar birlik yaratmaqda, ona rəhbərlik və maliyyə dəstəyi göstərməkdə, həmçinin “Finiko” internet layihəsi vasitəsilə saxta investisiya fəaliyyəti adı altında vəsaitlərin mənimsənilməsində ittiham olunur.

İstintaq materiallarına əsasən, cinayət işi 2021-ci il iyulun 28-də başlanıb və sonradan 300-dən çox cinayət işi vahid icraatda birləşdirilib. Nikiforova isə 2026-cı il sentyabrın 9-da rəsmi ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, sabiq nazir əmanətçilərə illik 25 faizə qədər gəlir vəd edən “Finiko” maliyyə piramidasının yaradıcılarından biri olub.

Cinayət işi üzrə təxminən 8 min nəfər zərərçəkmiş kimi tanınıb. Ümumi maddi ziyanın 5 milyard rubl civarında olduğu bildirilir.

Moskvanın Meşşanski Rayon Məhkəməsi sentyabrın 17-də Nikiforov barəsində qiyabi həbs qərarı çıxarıb. Moskva Şəhər Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Nikolay Nikiforov 2012–2018-ci illərdə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri vəzifəsində çalışıb.