BAKI, 8 oktyabr. TELEQRAF

"Biz il boyu komanda yarışına hazırlaşırıq. Baş verənlər (Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasındakı nəticələr - red.) bizim üçün bir qədər məyusedici olsa da, qarşıda vacib turnirlərimiz çoxdur. Çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək və digər yarışlarda mütləq gözlədiyimiz nəticəni əldə edəcəyik. Bu, fərdi deyil, komanda yarışıdır və bizim üçün əsas olan komandanın nəticəsidir".

Bunu Teleqraf-a açıqlamasında şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva deyib.

Mövsümə uğurlu başladığını bildirən şahmatçı bəzi turnirlərdə sabitliyi qoruya bilmədiyini qeyd edib:

"İlin əvvəlində Azərbaycan çempionatında qalib gəldim, ilk dəfə beynəlxalq qadın turnirinin qalibi oldum. Təəssüf ki, sonradan bəzi turnirlərdə sabitliyi qorumaq mümkün olmadı. Təbii ki, bu da yolun bir hissəsidir, daima qələbə qazanmaq olmaz. Bunu normal qəbul etməyə çalışıram".

Gənc şahmatçılarla görüşünə toxunan Ü.Fətəliyeva belə tədbirlərin əhəmiyyətini vurğulayıb: "Gələcəyin ustaları ilə oynamaq mənim üçün də həvəsləndirici və həyəcanvericidir. Ümid edirəm ki, bu görüş uşaqlar üçün stimulverici olar. Belə turnirlərin keçirilməsi çox sevindiricidir".

Şahmatçı ölkəmizdə qadın şahmatının uğurlarına da diqqət çəkib: "Məsələyə ümumi baxsaq, görərik ki, Azərbaycan qadın şahmatı illərdir medallar qazanır. Keçən il dünya çempionatında iki dəfə ikinci yer, ondan öncə Avropa çempionatında ikinci və üçüncü yerlər tutmuşuq. Bu, Azərbaycanda qadın şahmatının inkişaf etdiyini göstərir. Ümid edirəm ki, bu dinamika davam edəcək və ölkəmizə daha böyük zirvələr, qızıl medallar qazandıracağıq".