BAKI, 19 may. TELEQRAF

“Ümid edirik ki, yaxın illərdə yaxşı nəticələr əldə edəcəyik”.

Bunu Teleqraf-a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrenennikov deyib.

Mütəxəssis komandanın Avropa Liqasına hazırlıq mərhələsindın danlşıb:

“Biz məşqlərə mayın 4-də başlamışıq. Komandada ab-hava çox yaxşıdır. Fiziki hazırlıq üzərində çalışırıq”.

Baş məşqçi toplanışa 17 voleybolçunun cəlb olunduğunu da vurğulayıb:

“Komandaya 17 idmançı dəvət olunub. Onlardan 4-ü gənc idmançıdır. Onlar 17 yaşındadırlar”.

O, hazırlığın növbəti mərhələlərinin Belarus və İsveçdə keçiriləcəyini qeyd edib:

“Bakıda keçirilən məşqlərdən sonra hazırlığımızı Belarusda davam etdirəcəyik. Orada da təlim-məşq toplanışı olacaq. Daha sonra isə İsveçdə məşqlərə başlayacağıq”.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və ev sahibi komanda ilə qarşılaşacaq. Növbəti mərhələdə Rumıniya və İspaniya ilə oyunlar keçiriləcək. Azərbaycanda təşkil olunacaq mərhələdə isə millimiz Macarıstan və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək.