BAKI, 21 avqust. TELEQRAF
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun qarşılaşmalarına start veriləcək.
Teleqraf xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Portuqaliya yığması ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Matçdan əvvəl, saat 18:15-də turnirin rəsmi açılış mərasimi təşkil olunacaq.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması C qrupunda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qrupda ilk dörd pilləni tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq.
Bakıda keçiriləcək qrup oyunları avqustun 28-dək davam edəcək. AVRO-2026 isə sentyabrın 6-da yekunlaşacaq. Turnir Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə təşkil olunur.