BAKI, 13 sentyabr. TELEQRAF

Yəməndə hökumətyönlü qüvvələrlə husilər arasında son bir ayda gedən döyüşlərdə 500 döyüşçü öldürülüb, daha 1500 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə hökumətyönlü qüvvələrin nümayəndəsi “Al Jazeera” telekanalına məlumat verib.

Onun sözlərinə görə, avqustun 9-dan sentyabrın 10-dək Yəmənin cənub-qərbində sahilboyu ərazilərdə gedən döyüşlərdə 500 müqavimət döyüşçüsü həlak olub, 1500 nəfər yaralanıb.

Nümayəndə iddia edib ki, bölgədə husilərin hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusunun və onun müttəfiqlərinin dəstəyi ilə həyata keçirilib.

O əlavə edib ki, hökumətyönlü qüvvələr mühasirə planının qarşısını almaq məqsədilə yeni müdafiə mövqelərinə çəkiliblər.

Qeyd edək ki, Yəməndə vəziyyət sentyabrın əvvəlində gərginləşib. Husilər ölkənin cənub-qərbində hücuma keçib, paralel olaraq Qırmızı dənizin sahilboyu ərazilərinə və Taiz şəhəri ətrafına raket və PUA zərbələri endirib.

Məlumata görə, hücumların məqsədi Moha şəhərinə gedən yolların kəsilməsi və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına yaxın ərazilərə doğru irəliləmək olub.