Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

***

16:15

MİNGƏÇEVİR, 13 sentyabr. TELEQRAF

Mingəçevir şəhərində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 15-dən çox sakinə tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənən və təxliyə olunarkən xəsarət alan sakinlərə dərhal əraziyə cəlb edilən təcili tibbi yardım briqadaları tərəfindən ilkin yardım göstərilib.

Xəsarət alanlardan 2004-cü il təvəllüdlü hamilə qadın Aytən Mustafayeva, 2006-cı il təvəllüdlü Şamxal Məmmədov və yıxılaraq xəsarət alan daha bir sakin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya təxliyə edilib.

Hazırda tibb heyəti tərəfindən hadisə yerində digər sakinlərin müayinəsi və tibbi yardımın göstərilməsi işləri davam etdirilir.

***

15:26

Mingəçevir şəhərində yanğın baş verib.

Teleqraf xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, keçmiş köçkün şəhərciyində yerləşən 9 mərtəbəli 11 saylı binada qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb olunub.