BAKI, 13 sentyabr. TELEQRAF
Ermənistan və İran "Nurduz–Meqri" sadələşdirilmiş gömrük dəhlizinin fəaliyyətə başlaması barədə razılıq əldə ediblər. Qərar çərçivəsində tərəflər həmçinin sərhəd qapısının birgə istifadəsinə dair sazişin müddətini 10 il uzadıblar.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Müvafiq protokol Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan və İran Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Culfada keçirilən görüşünün yekunlarına əsasən imzalanıb.
Görüşdə gömrük prosedurlarının sadələşdirilməsi və yük avtomobillərinin hərəkətinin sürətləndirilməsi tədbirləri müzakirə olunub. Tərəflər yük nəqliyyat vasitələri haqqında əvvəlcədən elektron məlumat mübadiləsi sistemini inkişaf etdirmək və kağız sənədlərdən mərhələli şəkildə rəqəmsal formata keçmək barədə razılığa gəliblər.
Gündəliyə səlahiyyətli iqtisadi operatorlar statusunun qarşılıqlı tanınması, elektron gömrük məlumat mübadiləsi və xidmətlərin fəaliyyətinin əlaqələndirilməsi məsələləri də daxil edilib. İlkin mərhələdə sadələşdirilmiş rejimin xüsusilə kənd təsərrüfatı və ərzaq məhsullarına tətbiq olunması nəzərdə tutulur.