BAKI, 13 sentyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 13-14-də Suriyada səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

Səfər çərçivəsində H.Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə görüşəcək və nazirlər birgə mətbuat konfransı keçirəcəklər. Türkiyə XİN rəhbərinin həmçinin Suriya prezidenti Əhməd əş-Şəraa tərəfindən qəbul ediləcəyi və daxili işlər naziri Ənəs Həttab ilə bir araya gələcəyi nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələr, ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin Suriya Demokratik Qüvvələrinin (SDG) özünü buraxması da daxil olmaqla ölkədəki inteqrasiya prosesi müzakirə olunacaq. H.Fidan Türkmanlar da daxil olmaqla bütün icmaların bərabər hüquqları, eləcə də İsrailin Suriyaya hücumları qarşısında beynəlxalq ictimaiyyətin atacağı addımları da gündəmə gətirəcək.