BAKI, 13 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının Cizan bölgəsində husilərin atdığı mərminin düşməsi nəticəsində azı iki nəfər yaralanıb, məscid, bir neçə bina və nəqliyyat vasitəsinə ziyan dəyib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 12-də Cizan bölgəsinin Əl-Tuval qubernatorluğunda baş verib. Mərminin düşməsi nəticəsində iki nəfər xəsarət alıb, ətrafdakı bəzi tikililərə və avtomobillərə maddi ziyan dəyib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti hadisəni beynəlxalq humanitar hüququn “açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Hadisə Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında gərginliyin artdığı bir vaxtda baş verib. Son günlər Cizan və ölkənin digər cənub bölgələri husilərin hücumlarının hədəfində olub.