BAKI, 13 iyul. TELEQRAF

Avropada iyun ayının sonlarında müşahidə olunan rekord istilər nəticəsində 10 mindən çox insan həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının dəstəklədiyi EuroMOMO şəbəkəsinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, iyunun 22-28-ni əhatə edən həftədə Avropanın 27 ölkəsində ümumilikdə 10 650 artıq ölüm halı qeydə alınıb. Ölənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslər olub.

EuroMOMO layihəsinə ev sahibliyi edən Danimarkanın Statens Serum İnstitutunun baş həkimi Lasse Vesterqard bildirib ki, ilin bu dövründə belə yüksək ölüm göstəricisi qeyri-adidir və bunu həddindən artıq istilərlə əlaqələndirmək üçün kifayət qədər əsas var.

Alimlərin fikrincə, iyunun sonundakı isti hava dalğası insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olmadan demək olar ki, mümkün olmazdı. Mütəxəssislər qeyd edirlər ki, qlobal istiləşmə istilik dalğalarının daha tez-tez və daha şiddətli baş verməsinə səbəb olur.

EuroMOMO məlumatlarına görə, həmin dövrdə "çox yüksək artıq ölüm" göstəricisi qeydə alınan yeganə Avropa ölkələri Fransa və Belçika olub.