BAKI, 27 avqust. TELEQRAF

ABŞ-də 11 sentyabr 2001-ci il terror aktlarının təşkilində ittiham olunan dörd şəxsin işi üzrə əsas məhkəmə prosesi 5 iyun 2028-ci ildə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə hərbi hakim Maykl Şramın qərarında bildirilib.

Məhkəmə prosesi ABŞ-nin Kubadakı Quantanamo hərbi bazasında keçiriləcək.

Müttəhimlər kürsüsünə terror aktlarının əsas təşkilatçısı olduğu iddia edilən Xalid Şeyx Məhəmməd və onun üç şəriki – Valid bin Attaş, Əli Əbdül Əziz Əli və Mustafa Əhməd əl-Hausavi çıxarılacaq. Onların hamısı hazırda Quantanamoda saxlanılır.

Prokurorlar məhkəmə prosesinin 11 yanvar 2027-ci ildə başlamasını istəyiblər. Lakin müdafiə tərəfi və hakim bu müddətin real olmadığını hesab ediblər.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini qaçırıb. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, digəri isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpılıb.

Dördüncü təyyarə Vaşinqton istiqamətində hərəkət etsə də, Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.

Terror aktları nəticəsində 2 977 nəfər həlak olub.