BAKI, 27 avqust. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısının Tailand səfərinə “Yaşıl mil” filmindən sitatla reaksiya verib.

Teleqraf xəbər verir ki, Bəqai bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Bundan əvvəl “Reuters” agentliyi “USS Abraham Lincoln” aviadaşıyıcısının və onun zərbə qrupuna daxil olan iki gəminin gələn həftə ekipajların istirahəti məqsədilə Tailanda səfər edəcəyini yazıb.

Bəqai bildirib ki, ABŞ aviadaşıyıcını bölgəyə güc nümayiş etdirmək üçün göndərib, lakin aylarla davam edən missiyadan və 200 gündən çox limana daxil olmadan fəaliyyət göstərdikdən sonra gəmi istirahət üçün Tailanda üz tutur.

"Missiya: "Güc layihəsi". Hazırkı missiya: "Tətil layihəsi". "Mən yoruldum, boss"", – İran XİN sözçüsü yazıb.

O, paylaşımına “Yaşıl mil” filmində bu ifadəni səsləndirən Con Koffi obrazının fotosunu da əlavə edib.

Daha əvvəl “USS Abraham Lincoln” aviadaşıyıcısının Yaxın Şərqdəki missiyasını başa vuraraq ABŞ istiqamətində hərəkət etdiyi bildirilmişdi.