BAKI, 27 avqust. TELEQRAF

Əlcəzairdə genişmiqyaslı meşə yanğınları nəticəsində 12 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “El Ghad El Djazairi” qəzeti ölkənin daxili işlər, yerli idarəetmə və nəqliyyat naziri Said Sayuda istinadən məlumat yayıb.

Nazir ölkənin şimalındakı Becaya şəhərinə səfəri zamanı bildirib ki, yanğınlar nəticəsində 12 nəfər həyatını itirib, 50-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Məlumata görə, avqustun 26-da Əlcəzair ərazisində ümumilikdə 37 yanğın ocağı qeydə alınıb.

Onlardan beşi ölkənin şimal-şərqində yerləşən Cicel vilayətində baş verib. “Asharq al-Awsat” qəzetinin məlumatına görə, yanğın təhlükəsi səbəbindən ərazidə yaşayan bir neçə ailə təxliyə edilib.