BAKI, 27 avqust. TELEQRAF
Çin ABŞ-ni kibertəhlükəsizlik məsələlərindən Pekinə qarşı qarayaxma və Çin şirkətlərinə ayrı-seçkilik məqsədilə istifadəni dayandırmağa çağırıb.
Teleqraf xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan deyib.
Diplomat ABŞ hakimiyyətinin Çin hökuməti ilə əlaqəli olduğu iddia edilən hakerlərin NASA, Federal Ehtiyat Sistemi (FED), Energetika Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi və digər dövlət qurumlarının kompüter sistemlərinə müdaxilə etməsi barədə iddialarını şərh edib.
“Çin kibertəhlükəsizliyin ardıcıl müdafiəçisidir. Çin hökuməti bütün növ kiberhücumlara qəti şəkildə qarşı çıxır və qanunvericiliyə uyğun olaraq onlarla mübarizə aparır. ABŞ tərəfini kibertəhlükəsizlik məsələlərindən Çini qaralamaq və nüfuzdan salmaq üçün istifadəni dayandırmağa çağırırıq”, – Lyu Çan bildirib.
Çin diplomatı Vaşinqtonun milli təhlükəsizlik anlayışını həddindən artıq genişləndirməsinə və bundan Çin şirkətlərinə qarşı məhdudiyyətlərin tətbiqi üçün əsas kimi istifadə etməsinə də etiraz edib.
Onun sözlərinə görə, Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək.