BAKI, 27 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion” və “Fənərbağça” arasında keçirilən cavab oyunundan sonra baş verən hadisələrlə bağlı Fransada 6 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan ən azı biri silah gəzdirmək və bıçaq saxlamaq şübhəsi ilə tutulub. Digər şəxslərdən birinin isə qarşılaşma zamanı meydana daxil olmağa cəhd etdiyi bildirilib.

Təhlükəsizlik qüvvələri matç zamanı və qarşılaşmadan sonra geniş tədbirlər həyata keçirib. Pirotexniki vasitələrdən istifadə etdikləri üçün 4 azarkeşə cərimə tətbiq olunub.

Məlumata görə, oyuna təxminən 450 təhlükəsizlik əməkdaşı cəlb edilib. “Fənərbağça”nın ikinci qolundan sonra türk azarkeşlərin tribunada yaratdığı qarışıqlıq və meydana müxtəlif əşyaların atılması səbəbindən təhlükəsizlik qüvvələri müdaxilə edib.

Qeyd edək ki, “Fənərbağça” səfərdə “Lion”u 2:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.