BAKI, 27 avqust. TELEQRAF

ABŞ hakimiyyəti ələ keçirilən İran neft tankerlərinin və onların yüklərinin daha asan şəkildə Amerika mülkiyyəti elan edilməsi üçün dəniz priz məhkəmələrini yenidən tətbiq etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, priz məhkəmələri XVIII-XIX əsrlərdə geniş istifadə olunub. Bu məhkəmələr ələ keçirilən gəmilərin və onların yüklərinin müsadirəsinin qanuniliyini müəyyənləşdirir, həmçinin ələ keçirilmiş əmlakın sonrakı taleyi ilə bağlı qərar verirdi.

Bu mexanizmdən 1898-ci il İspaniya-Amerika müharibəsindən sonra demək olar ki, istifadə edilməyib, İkinci Dünya müharibəsindən etibarən isə fəaliyyət göstərməyib.

“Bloomberg”in məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi bu mexanizmin bərpası sayəsində ələ keçirilən İran neft tankerlərini ABŞ-nin hərbi qəniməti kimi tanımağın mümkün olacağını hesab edir.

Hyuston prokuroru Aaron Rayts agentliyə açıqlamasında Ədliyyə Nazirliyinin hazırda priz məhkəmələrini “yenidən canlandırdığını” təsdiqləyib və bu sistemi “dəniz hüququnun qədim institutu” adlandırıb.

Vaşinqton planını həyata keçirə bilsə, federal prokurorlar düşmən və ya neytral ölkələrə məxsus gəmilərdəki neft və digər yüklərin ABŞ mülkiyyəti kimi tanınması prosesini sürətləndirə biləcəklər.

Müsadirə olunan yüklərin daha sonra satılması və əldə edilən vəsaitin ABŞ dövlət xəzinəsinə köçürülməsi nəzərdə tutulur.