BAKI, 27 avqust. TELEQRAF
Livan Prezidenti Cozef Aun ölkənin cənubunda hərbi eskalasiyanın yeni mərhələsinin qarşısını almaq məqsədilə Əli ət-Tahir yüksəkliklərinin Livan ordusunun nəzarətinə keçməsinə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Naharnet” portalı məlumat yayıb.
Məlumata görə, Cozef Aun amerikalı vasitəçilərlə əlaqə saxlayaraq Nəbatiyyə şəhəri yaxınlığında yerləşən bu dağlıq əraziyə Livan ordusunun yeridilməsini təklif edib. Sözügedən ərazi İsrailin yaratdığı bufer zonasından kənarda yerləşir.
Plan çərçivəsində ərazidə mühasirədə olan “Hizbullah” qüvvələrinin silahlarını Livan hərbçilərinə təhvil verməsi və daha sonra bölgədən çıxarılması nəzərdə tutulur.
Portalın mənbələrinin məlumatına görə, Livan rəhbərliyi İsrail qüvvələrinin yüksəklikləri ələ keçirərək “Hizbullah”ın burada yaratdığı yeraltı sığınacaqları partlatmasından narahatdır. Beyrut hesab edir ki, genişmiqyaslı partlayışlar ətraf kəndlər və orada yaşayan əhali üçün ciddi təhlükə yarada bilər.
Əli ət-Tahir yüksəkliklərində “Hizbullah”ın Livanın cənubundakı əməliyyatlarını idarə edən əsas komanda məntəqəsinin yerləşdiyi bildirilir. Son günlər İsrail Hərbi Hava Qüvvələrinin əraziyə intensiv zərbələri strateji mövqelərin ələ keçirilməsi üçün əməliyyata hazırlıq kimi qiymətləndirilir.
“Naharnet” qeyd edir ki, İsrail qüvvələrinin yüksəkliklər üzərində nəzarət yaratması “Hizbullah”ın ikinci müdafiə xəttinin sıradan çıxması ilə nəticələnə bilər. Bu halda Livanın cənubunun Cəzzin bölgəsi, Bekaa vadisinin qərb hissəsi və Şuf dağlıq rayonu ilə əlaqəsinin kəsiləcəyi bildirilir.