BAKI, 27 avqust. TELEQRAF
Almaniya Böyük Britaniyanın nüvə silahlarının modernləşdirilməsi proqramının mümkün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Berlin ABŞ Prezidenti Donald Tramp administrasiyasını artıq əvvəlki kimi etibarlı müttəfiq hesab etmədiyindən London və Parislə nüvə çəkindirməsi sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Almaniyanın planları Britaniyanın nüvə çəkindirmə qüvvələrinin fəaliyyətinin təmin olunmasına dəstək məqsədilə adi silahlı qüvvələrin yerləşdirilməsini də nəzərdə tutur. Mümkün variantlardan biri Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Böyük Britaniyanın strateji obyektlərinin qorunmasına cəlb edilməsidir.
Söhbət, xüsusilə, Britaniyanın nüvə çəkindirmə qüvvələrinin yerləşdiyi Şotlandiyadakı Klayd hərbi-dəniz bazasının müdafiəsindən gedir.
Hazırda Böyük Britaniyanın silahlanmasında “Vanguard” tipli dörd atom sualtı qayığı var. 1990-cı illərdə istehsal edilən bu sualtı qayıqlar “Trident II D5” ballistik raketləri daşıyır. London 2030-cu illərin əvvəllərindən etibarən onları yeni “Dreadnought” tipli atom sualtı qayıqları ilə əvəz etməyi planlaşdırır.
Böyük Britaniya “Trident” raketlərindən istifadə ilə bağlı qərar verməkdə tam müstəqil olsa da, raketlərin özləri ABŞ-da istehsal və texniki xidmət olunur. London hazırda gələcək “Dreadnought” sualtı qayıqları üçün nəzərdə tutulan “Trident” raketlərinə yeni “Astraea” döyüş başlığı hazırlayır.
“The Daily Telegraph” yazır ki, Britaniya nüvə proqramının ABŞ texnologiyaları ilə bağlılığı Avropanın hərbi sahədə Vaşinqtondan asılılığını azaltmağa çalışan Berlində narahatlıq doğurur.
Bu səbəbdən Almaniyanın Britaniyanın nüvə çəkindirmə qüvvələrinin modernləşdirilməsini birbaşa maliyyələşdirə biləcəyi bildirilir. Berlinin yeni nəsil sualtı qayıqların və raketlərin hazırlanmasına, hətta gələcək nüvə başlıqları üçün uranın zənginləşdirilməsinə yardım göstərməsi variantları da müzakirə olunur.
Almaniya eyni zamanda Fransa ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparır.
Nəşrin məlumatına görə, Berlin Böyük Britaniya və Fransa ilə ümumavropa nüvə çəkindirmə sisteminin gücləndirilməsini Polşa və Şimali Avropa ölkələrinin öz nüvə silahlarını yaratmaq təşəbbüslərinin qarşısını almağın yollarından biri kimi qiymətləndirir.