BAKI, 27 avqust. TELEQRAF
Pentaqon rəhbəri Pit Heqset ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnelli ABŞ Quru Qoşunları naziri vəzifəsinə təyin etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Hill” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Parnell sözügedən vəzifəyə əsas namizədlərin yer aldığı qısa siyahıya daxil edilib. Onun hazırkı Quru Qoşunları naziri Daniel Driskollu əvəz etməkdə maraqlı olduğunu qapalı söhbətlərdə ifadə etdiyi bildirilir.
Daha əvvəl “NBC News” mənbələrinə istinadən Driskollun 2026-cı ilin sentyabrında vəzifəsini tərk etmək istədiyini yazıb. Lakin ABŞ Prezidenti Donald Tramp administrasiyasının onun ən azı ilin sonuna qədər postunda qalmasını istədiyi qeyd olunub.
“The Wall Street Journal” da daha əvvəl Driskollun ilin sonunadək istefa verə biləcəyini bildirmişdi. Nəşrin məlumatına görə, Driskoll və Pentaqon rəhbəri Pit Heqset arasında uzun müddətdir fikir ayrılıqları mövcuddur.