BAKI, 13 iyul. TELEQRAF

Türkiyənin Kuşadası kurortunda yerləşən hotellərdən birinin 28 qonağı qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kuşadasının Karaova rayonunda yerləşən beşulduzlu oteldə baş verib. Turistlər ürəkbulanma və mədə ağrılarından şikayət etdikdən sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Həkim müayinəsi və ilkin tibbi yardımdan sonra turistlərin böyük hissəsi yenidən otelə qayıdıb.

İlkin ehtimallara görə, zəhərlənməyə oteldə təqdim olunan açıq bufet yeməkləri və ya içməli su səbəb ola bilər. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə tibbi xidmət orqanları tərəfindən araşdırma aparılır.

Zərərçəkən turistlərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, Egey dənizi sahilində yerləşən Kuşadası qumlu çimərlikləri və kruiz limanı ilə tanınır. Aydın vilayətində yerləşən kurort İzmir şəhərindən təxminən 90 kilometr məsafədədir və əsasən Qərb ölkələrindən gələn turistlər arasında populyardır.