BAKI, 13 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Küveytə endirdiyi zərbə nəticəsində üç amerikalı hərbçinin həlak olması barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, CENTCOM bununla bağlı "X" sosial şəbəkəsində açıqlama yayıb.

"Regionda ABŞ hərbçilərinin həlak olması və ya yaralanması ilə bağlı heç bir məlumat yoxdur", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, İran KİV-lərində ABŞ-ın Küveytdəki obyektlərinə endirilən zərbə nəticəsində amerikalı hərbçilərin öldüyü barədə xəbərlər yayılmışdı.

Bundan əvvəl Fars agentliyi məlumat vermişdi ki, ABŞ-nin İrana qarşı hücumlarına cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ-a məxsus HIMARS reaktiv yaylım atəşi sistemlərinin buraxılış qurğularına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.