BAKI, 13 iyul. TELEQRAF
ABŞ hərbi qüvvələri İrandakı obyektlərə qarşı yeni zərbələr seriyasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və dənizçilərə hücum imkanlarını daha da zəiflətməkdir.
"CENTCOM qüvvələri İranın imkanlarını daha da məhdudlaşdırmaq məqsədilə əlavə zərbələrə başlayıb. Əməliyyat Ali Baş Komandanın əmri ilə həyata keçirilir", - deyə komandanlığın "X" sosial şəbəkəsindəki açıqlamasında qeyd olunub.
***
01:38
İranın cənubunda yerləşən Bəndər-Abbas və Sirik şəhərləri yaxınlığında bir neçə partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar ölkənin cənub bölgələrində baş verib. Hadisənin səbəbləri və nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.
İran rəsmiləri tərəfindən də partlayışlarla bağlı əlavə açıqlama yayılmayıb.
Qeyd edək ki, Bəndər-Abbas Hörmüz boğazı yaxınlığında yerləşən mühüm liman şəhərlərindən biridir. Sirik şəhəri də İranın cənub sahillərində yerləşir.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.