BAKI, 13 iyul. TELEQRAF
İsrail mediasının iddiasına görə, ABŞ Prezidenti Donald Trampa NATO sammiti üçün Ankaraya səfəri zamanı sui-qəsd planlaşdırılıb. Məlumata əsasən, bu barədə məlumat xüsusi xidmət orqanlarının ələ keçirdiyi danışıqlarda yer alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, xüsusi xidmət orqanları İranın rabitə kanalları vasitəsilə aparılan danışıqları ələ keçirib. Həmin danışıqlarda Donald Trampın NATO sammiti çərçivəsində Ankaraya səfəri zamanı mümkün qətlə yetirilməsi planının müzakirə olunduğu iddia edilir.
Xəbərdə bildirilir ki, İsrail tərəfi İranın mümkün niyyətləri barədə ABŞ-yə xəbərdarlıq edib. Mənbələrin iddiasına əsasən, Qərb kəşfiyyatı Türkiyə ərazisində sui-qəsd ehtimalı ilə bağlı məlumat əldə etdikdən sonra prezident təyyarəsinin dəyişdirilməsi qərarı verilib.
Bildirilib ki, Donald Tramp ötən həftə NATO sammitindən Qətərin hədiyyə etdiyi yeni təyyarə ilə deyil, köhnə "Air Force One" ilə ayrılıb. Mənbələrin sözlərinə görə, bu addım konkret təhlükə ilə deyil, ABŞ Məxfi Xidmətinin tövsiyə etdiyi ehtiyat tədbirləri ilə bağlı olub.
Həmçinin qeyd olunub ki, Tramp jurnalistlər onu təyyarənin trapında görüntüləmədən əvvəl sürətlə təyyarəyə minib ki, bu da adi protokoldan kənar addım kimi qiymətləndirilib.