BAKI, 2 iyul. TELEQRAF

ABŞ və İran nümayəndə heyətləri arasında Dohada keçirilən dolayı danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd Əl-Ənsari sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, iyulun 1-də Qətər və Pakistan vasitəçiləri Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri başa çatdırıblar.

“İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlər üzrə, həmçinin Lyusern sammitinin nəticələrinə əsaslanaraq müsbət irəliləyiş əldə olunub”, - deyə Əl-Ənsari bildirib.

Qətər XİN rəsmisi qeyd edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Onun sözlərinə görə, növbəti görüş İranın keçmiş ali liderinin vəfatı ilə əlaqədar keçirilən matəm mərasimləri başa çatdıqdan sonra ən qısa müddətdə təyin olunacaq.