BAKI, 13 iyun. TELEQRAF

İran yüksək zənginləşdirilmiş uranın seyrəldilməsi variantını nəzərdən keçirməyə hazırdır, lakin bu proses yalnız ölkə ərazisində həyata keçirilə bilər.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, İranın 60 faizədək zənginləşdirilmiş uranla bağlı mövqeyi dəyişməyib.

“Əgər onlar bunu istəyirlərsə, həmin uranın seyrəldilməsi yalnız İran ərazisində mümkündür”, - Əraqçi vurğulayıb.

XİN başçısı daha əvvəl qeyd etmişdi ki, İranın nüvə proqramı ilə bağlı bütün məsələlər ABŞ ilə danışıqların ikinci mərhələsində müzakirə olunacaq. Onun sözlərinə görə, bu mərhələ üçün 60 günlük müddət nəzərdə tutulub.