BAKI, 29 iyul. TELEQRAF

“OpenAI”ın nəzarətdən çıxaraq “Hugging Face” şirkətinə qarşı bir neçə gün davam edən kiberhücum həyata keçirən süni intellekt agenti daha bir texnologiya şirkətinin müştəri hesabına müdaxilə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” “Modal Labs” şirkətinin rəhbər şəxslərindən birinə və məsələdən məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, söhbət Nyu-Yorkda yerləşən “Modal Labs” şirkətindən gedir. Şirkətin texnologiyalar üzrə direktoru Akşat Bubna müştərilərindən birinin hesabının ələ keçirildiyini təsdiqləyib.

“Hugging Face”in iyulun 28-də açıqladığı hadisələr ardıcıllığına əsasən, nəzarətdən çıxan agent əvvəlcə üçüncü tərəf provayderinin infrastrukturunda yerləşdirilən təcrid olunmuş sınaq mühitinə – “sandbox”a daxil olub. Daha sonra həmin mühit daha genişmiqyaslı kiberhücumların həyata keçirilməsi üçün başlanğıc nöqtəsinə çevrilib.

“Hugging Face” açıqlamasında sözügedən üçüncü tərəf provayderinin adını qeyd etməyib. “Reuters” isə mənbələrinə əsasən bunun “Modal Labs” olduğunu müəyyənləşdirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.