BAKI, 29 iyul. TELEQRAF

Braziliyalı marafonçu Daniel Nascimento San-Paulo ştatında itkin düşüb.

Teleqraf xəbər verir ki, 28 yaşlı idmançı iyunun 19-da yaşadığı evdən çıxıb və həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb. Ailəsi iyulun 27-də polisə rəsmi müraciət edib.

İdmançının yaxınları onun son vaxtlar depressiya və psixoloji problemlər yaşadığını qeyd ediblər.

Daniel Nascimento Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib, lakin marafon yarışını başa vura bilməyib.

Braziliyalı atlet Paris-2024 Olimpiadasına vəsiqə qazansa da, dopinq testinin müsbət nəticələnməsi səbəbindən yarışdan kənarlaşdırılıb. O, 2029-cu ilədək diskvalifikasiya olunub.