BAKI, 29 iyul. TELEQRAF

Ermənistan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryan və onunla əlaqəli şəxslərdən ümumi dəyəri 19,56 milyard dramdan çox olan əmlakın dövlətin xeyrinə müsadirəsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Bildirilib ki, bura 22 daşınmaz əmlak daxildir. Onlardan 19-nun orta bazar dəyəri ümumilikdə 11,154 milyard dram təşkil edir. Bundan başqa, 2 daşınmaz əmlakın alınması hüququnun da müsadirəsi tələb olunur.

Tələbə həmçinin 3,084 milyon dollar və 985,2 milyon dram məbləğində alınmış istiqrazlar, 1,405 milyon dollardan çox və 200 milyon dram həcmində bank əmanətləri daxildir.

Baş Prokurorluq Robert Köçəryan və onunla əlaqəli şəxslərin 13 hüquqi şəxsdəki paylarının, o cümlədən “Toyota Yerevan” MMC və “Nairi Insurance” sığorta şirkətindəki iştirak paylarının, eləcə də daha 4 hüquqi şəxsdə iştirakın əldə olunmasına çəkilmiş xərclərin müsadirəsini də tələb edir.

Bundan əlavə, 4,026 milyon dollar, 8,302 milyard dram, 260,45 milyon rubl və 589,7 min avro məbləğində borc tələbi hüquqları, 2 nəqliyyat vasitəsi və 3,822 milyard drama bərabər əmlakın əldə edilməsinə sərf olunan vəsaitin də dövlət xeyrinə alınması istənilir.

Baş Prokurorluq cinayət işi çərçivəsində ödənilmiş girovun qanunsuz hesab olunan hissəsi kimi 502,36 milyon dramın da dövlətə qaytarılmasını tələb edir.