BAKI, 29 iyul. TELEQRAF
“Rusiya Ukraynada apardığı müharibə səbəbindən hazırda NATO ölkələrinə birbaşa hücum etməsi mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Latviya müdafiə naziri Rayvis Melnis deyib.
Nazirin sözlərinə görə, Rusiya Ukraynada ilişib qalıb. O bildirib ki, Ukrayna ordusu döyüş əməliyyatlarını uğurla davam etdirir, Rusiyanın logistikasını sıradan çıxarır və arxa cəbhədəki obyektlərə zərbələr endirir, bu isə Moskvanın yeni hücum əməliyyatları inkişaf etdirməsinə mane olur.
Melnis qeyd edib ki, genişmiqyaslı hücum üçün Rusiya Ukraynadan qüvvələrini çıxarmalı, Baltikyanı ölkələrin sərhədləri yaxınlığında yeni hərbi qüvvələr yerləşdirməli və yalnız bundan sonra hücuma başlamalıdır. Onun fikrincə, NATO belə hazırlığı əvvəlcədən aşkar edərdi.
Latviya müdafiə naziri əlavə edib ki, Moskva ikinci cəbhə açacağı təqdirdə Ukrayna üçün də daha geniş əməliyyat imkanları yaranacaq və Rusiya buna yol verə bilməz:
“Rusiya iki cəbhədə müharibə apara bilərmi? Bu, strateji səhv olardı. Ukraynaya hücumun özü artıq strateji səhv və yanlış hesablamadır. Buna görə də yaxın vaxtlarda Rusiya belə addım ata bilməz. Bunu yalnız insanları sakitləşdirmək üçün demirəm”.
Melnis bununla yanaşı, Rusiyanın müxtəlif təxribatlar təşkil edə biləcəyini istisna etməyib. O bildirib ki, qeyri-qanuni miqrasiyanın təşkili artıq belə üsullardan biridir və gələcəkdə digər təxribatlar da mümkündür:
“Latviyanın təhlükəsizlik qurumları və Silahlı Qüvvələri istənilən belə hədəyə cavab verməyə hazırdır. “Yaşıl adamcıqlar” (Rusiya əsgərləri – red.) bura ayaq basa bilməyəcəklər, dronlar da cəzasız uçmayacaqlar. Dron olarsa, onu vuracağıq. “Yaşıl adamcıqlar” olarsa, hüquq-mühafizə orqanları və ya Dövlət Təhlükəsizliyi Xidməti onları saxlayacaq və ya məhv edəcək. Həm daxili işlər qurumları, həm də Silahlı Qüvvələr buna hazırdır”.
Rayvis Melnis hesab edir ki, gələcəkdə Rusiya öz ordusunu bərpa edəcək, NATO bu səbəbdən onu dayandırmağa və zərurət yaranacağı halda məğlub etməyə qadir daha güclü silahlı qüvvələr formalaşdırır:
“Putinin nə düşündüyünü bilə bilmərik. Ona görə də həm təxribatlara, həm də dövlətimizin müdafiəsinə hazır olmalıyıq və qüvvələrimizi buna uyğun hazırlayırıq”.