BAKI, 29 iyul. TELEQRAF
ABŞ administrasiyası ölkə daxilində və xaricdə təhlükəli biotibbi tədqiqatlara federal dəstəyin dayandırılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, yeni qaydalar müxtəlif xəstəlik törədicilərinin xüsusiyyətlərinin gücləndirilməsinə yönəlmiş və lazımi nəzarət olmadığı halda insan həyatı, iqtisadi və milli təhlükəsizlik üçün risk yarada biləcək tədqiqatların maliyyələşdirilməsinin qarşısını almağı nəzərdə tutur.
Yeni normalara əsasən, belə tədqiqatların ABŞ-də və ya digər ölkələrdə aparılmasından asılı olmayaraq, onların maliyyələşdirilməsi üçün federal büdcə vəsaitindən istifadə qadağan edilir. Eyni zamanda, lazımi təhlükəsizlik və nəzarət standartlarının olmadığı ölkələrdə tədqiqatların maliyyələşdirilməsinə məhdudiyyətlər tətbiq olunur.
Bununla yanaşı, Vaşinqton ciddi təhlükəsizlik tədbirlərinə riayət olunması şərtilə vaksinlərin, dərman preparatlarının və diaqnostika vasitələrinin hazırlanmasına yönəlmiş biotibbi tədqiqatları dəstəkləməyə davam edəcəyini bildirib.
ABŞ administrasiyası digər ölkələri də analoji tədbirlər görməyə çağırıb.